"Regionların sosial-iqtisadi inkişafı və onun coğrafi problemləri” adlı elmi-praktiki konfransı
Qərbi Kaspi Universitetinin həmtəşkilatçılığı ilə 18-19 mart 2025-ci il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda “Regionların sosial-iqtisadi inkişafı və onun coğrafi problemləri” adlı Beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir.
Tədbir Azərbaycan Coğrafiya Cəmiyyəti, Azərbaycan Turizm və Menecment Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Çanaqqala 18 Mart Universiteti (Türkiyə), Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti (Qazaxıstan), Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu (Qazaxıstan), Vaxuşti Baqrationi adına Coğrafiya İnstitutu (Gürcüstan), Rusiya Sosial Coğrafiyaçılar Assosiasiyası, Dağıstan Dövlət Texniki Universiteti və Dağıstan Dövlət Pedaqoji Universiteti (Rusiya), Özbəkistan Milli Universiteti (Özbəkistan) kimi müxtəlif yerli və beynəlxalq təşkilatların birgə dəstəyi ilə təşkil olunur.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etdiyi dövrdən bu yana əsas prioritetlərdən biri iqtisadi sabitliyin təmin olunması və regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsidir. Aparılan islahatlar nəticəsində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli və xarici investorlar üçün əlverişli mühitin yaradılması, qabaqcıl texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli məhsulların istehsalının artırılması və yeni iş yerlərinin açılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Lakin bu inkişaflarla yanaşı, landşaftların dəyişməsi, havanın çirklənməsi, torpaqların degradasiya prosesi, su ehtiyatlarının azalması və ekoloji risk zonalarının yaranması kimi ciddi coğrafi problemlər də ortaya çıxmışdır.
Konfransda aşağıdakı əsas mövzular müzakirə ediləcəkdir:
- Landşaftlardan istifadənin müasir vəziyyəti
- İqlim və su ehtiyatlarının qiymətləndirilməsi, istifadəsi və qorunması problemləri
- Torpaqlardan səmərəli istifadə və onların ekoloji problemləri
- Davamlı inkişafın ekocoğrafi əsasları, torpaq-bitki örtüyünün mühafizəsi
- Təbii ehtiyat potensialından istifadə problemləri və həll yolları
- Regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı və perspektiv istiqamətləri
- Regionlarda sosial-iqtisadi problemlərə gənc tədqiqatçıların baxışı
- Demoqrafik inkişafın regional xüsusiyyətləri, şəhər və kənd məskunlaşmasının perspektivləri
- Davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi
- Regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri
Qərbi Kaspi Universiteti bütün iştirakçıların fəal iştirakı üçün minnətdarlığını bildirir və gələcəkdə məhsuldar elmi əməkdaşlıqların davam edəcəyinə inanır.