Qərbi Kaspi Universitetinin həmtəşkilatçı olduğu elmi-praktiki konfrans keçirilir Oktyabrın 29-da Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Coğrafiyanın müasir problemləri: elm və təhsilin inteqrasiyası” III beynəlxalq elmi-praktik konfransı keçiriləcək.
Qərbi Kaspi Universitetinin həmtəşkilatçılığı ilə 2024-cü ilin oktyabr ayında Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Coğrafiyanın müasir problemləri: elm və təhsilin inteqrasiyası” III Beynəlxalq Elmi-Praktik Konfransı iki gün ərzində keçirilmişdir. Tədbir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuşdur.
Konfrans iqlim və su ehtiyatlarının qiymətləndirilməsi, istifadəsi və qorunması problemləri, torpaqlardan səmərəli istifadə və onların ekoloji problemləri, Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları, torpaq-bitki örtüyünün mühafizəsi, landşaftlardan istifadənin müasir vəziyyəti kimi geniş mövzuları əhatə etmişdir.
Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi problemlər, regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı və perspektiv istiqamətləri, demoqrafik inkişafın regional xüsusiyyətləri, şəhər və kənd məskunlaşmasının perspektivləri, davamlı inkişafda turizm və rekreasiya potensialının qiymətləndirilməsi, regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları, eləcə də regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri barədə məruzələr dinlənilmişdir.
İki gün davam edən konfransda yerli və xarici alimlər, gənc tədqiqatçılar fəal iştirak etmiş, müasir problemlər və regional inkişaf mövzusunda elmi müzakirələr aparılmışdır. Təqdimatlar və müzakirələr elmi əlaqələrin genişləndirilməsinə və səmərəli əməkdaşlıqların qurulmasına töhfə vermişdir.
Qərbi Kaspi Universiteti bütün iştirakçılara fəal iştiraklarına görə təşəkkür edir və gələcəkdə faydalı elmi əməkdaşlığın davam edəcəyinə ümid edir.