Qərbi Kaspi Universitetinin həmtəşkilatçılığı ilə beynəlxalq elmi konfrans
https://conmechydro.tiiame.uz/
2025-ci il 16–17 oktyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində VII Beynəlxalq Elmi Konfrans “Construction Mechanics, Hydraulics & Water Resources Engineering” (CONMECHYDRO 2025) keçirilmişdir. Tədbir Özbəkistanın Daşkənd İrriqasiya və Kənd Təsərrüfatı Mexanizasiya Mühəndisləri İnstitutu – Milli Tədqiqat Universiteti tərəfindən təşkil olunmuş və Qərbi Kaspi Universiteti (Azərbaycan) həmtəşkilatçılardan biri olmuşdur.
Konfrans mühəndislik, hidravlika və su ehtiyatlarının idarə edilməsi sahələrində aparılan elmi tədqiqatların müzakirəsinə, bu istiqamətdə yeni texnoloji həllərin və dayanıqlı inkişaf strategiyalarının paylaşılmasına həsr olunmuşdur.
Tədbirin məqsədi müasir inşaat mexanikası, su təsərrüfatı və ekologiya sahələrində beynəlxalq elmi əməkdaşlığı gücləndirmək, həmçinin region ölkələrinin tədqiqat potensialını birləşdirmək olmuşdur.
Konfransın təşkilatçıları və tərəfdaşları:
- Daşkənd İrriqasiya və Kənd Təsərrüfatı Mexanizasiya Mühəndisləri İnstitutu – Milli Tədqiqat Universiteti (Özbəkistan)
- Qərbi Kaspi Universiteti (Azərbaycan)
- Karşi Mühəndislik-İqtisadiyyat İnstitutu (Özbəkistan)
- Peter Böyük adına Sankt-Peterburq Politexnik Universiteti (Rusiya)
- Moskva Dövlət Tikinti Universiteti – Milli Tədqiqat Universiteti (Rusiya)
- Qazaxıstan-Alman Universiteti (Qazaxıstan)
Konfrans çərçivəsində inşaat mexanikası, hidravlika, hidrotexniki qurğuların layihələndirilməsi, su ehtiyatlarının idarə olunması, ekoloji təhlükəsizlik və iqlim dəyişmələrinin təsiri kimi mövzular üzrə plenar iclaslar, elmi sessiyalar və müzakirələr keçirilmişdir.
Tədbirdə müxtəlif ölkələrdən olan alimlər, tədqiqatçılar və mühəndislər iştirak etmiş, elmi nəticələrini və praktiki təcrübələrini bölüşmüşlər. Diskussiyalar elmi inteqrasiyanın və regional əməkdaşlığın gücləndirilməsinə şərait yaratmışdır.
Bu beynəlxalq konfrans mühəndislik və su ehtiyatlarının idarə edilməsi sahəsində davamlı inkişaf məqsədlərinə çatmaq üçün əhəmiyyətli platforma kimi çıxış etmişdir.
Qərbi Kaspi Universiteti bütün iştirakçılara fəal iştiraka görə təşəkkür edir və gələcəkdə də səmərəli elmi əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirir.